Jan 22 2019 13:54
Views: 428

İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə başlayıb. Forumun əsas mövzusu "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" olacaq.

Forumun əsas proqramı bu gündən start götürür. Ötən gün isə Forumun açılışı ənənəvi “Kristal” mükafatlarının təqdimetmə mərasimi ilə başlayıb. Bu il mükafatlar üç nəfərə təqdim edilib. Bunlar amerikalı dirijor və violençel ifaçısı Marin Elsop, səudiyyə ərəbistanından olan kinorejissor Haifə Əl Mənsur və təbiətşünas Devid Etenbroudur.

Forumun ilk günündə hər zaman olduğu kimi dünya iqtisadiyyatı ilə bağlı proqnozlar və gözləntilər açıqlanıb. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard bildirib ki, dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsi gözlənilir. Məhz bu səbəbdən qurum bu il üçün artım proqnozunu 3.7%-dən 3.5%-ə endirib. Laqard qeyd edib ki, 2 illik ardıcıl yüksəlişdən sonra dünya iqtisadiyyatı daha az böyüyəcək, risklər isə artır.

Qeyd edək ki, bu il Davos Forumuna ölkədəki büdcə qalmaqalı səbəbindən ABŞ prezidenti Donald Tramp və ümumiyyətlə ABŞ nümayəndə heyəti qatılmayacaq. Trampla yanaşı Forumda Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Tereza Mey də iştirak etməyəcək. Onların səfərinin də ölkələrindəki siyasi vəziyyətlə əlaqədar təxirə salındığı bildirilir.

Sayca 49-cu olan builki forumda 60-dan çox ölkənin dövlət və hökumət başçısı iştirak edəcək. almaniya kansleri Angela Merkel, Yaponiya baş naziri Şinzo Abe, İspaniya baş nazirinin tədbirdə iştirakı gözlənilir.

 

K-A Ümumilikdə tədbirdə 110 ölkədən artıq 3 mindən artıq iş adamı, siyasətçi, araşdırmaçı və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Davosa gəlməsi nəzərdə tutulur. Tədbir iştirakçıları energetika, rəqəmsal iqtisadiyyat sahəsində strateji proqnozları müzakirə edəcək, qlobal maliyyə riskləri, qloballaşma, kriptovalyuta, inkişaf etməkdə olan bazarlar, kibertəhlükəsizlik, gələcək demokratiya və s. mövzularda müzakirələr aparacaqlar. Davosda həmçinin Yaxın Şərqdəki, o cümlədən Liviya və Suriyadakı vəziyyət barəsində fikir mübadiləsi aparılacaq.Forum yanvarın 25-də başa çatacaq.


Create Account



Log In Your Account