Aug 10 2018 18:41
Views: 183

“Dəniz kuboku-2018” yarışması başa çatıb. Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən dənizçilərin müsabiqəsinin rəsmi bağlanış mərasimi Bakıda baş tutub. Bu il “Dəniz kuboku”nda Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, Qazaxıstan və İrandan olan hərbi dənizçilər iştirak ediblər. “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub.

 

İkinci yeri Qazaxıstan tutub, üçüncü yerlərdə isə Azərbaycan və İran hərbçiləri qərarlaşıblar. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Nizam Osmanov qalibləri təbrik edib , yarışmanın dostluq və mehriban qonşuluq prinsipləri əsasında keçdiyini bildirib.

 

Xəzərin ən yaxşı dənizçisi uğrunda yarışlar 3 mərhələdən ibarət olub. Ümumilikdə Xəzəryanı ölkələrin hərbi dənizçiləri 6 epizod üzrə yarışıblar. Yarışlarda iştirakçılar həm özlərinin şəxsi məharətlərini, həm də gəmilərin texniki imkanlarını, hərbi avadanlıqlarının bacarıqlarını nümayiş etdiriblər. İiştirakçıları etiraf edirlər ki, yarışda qələbə qazanmaq üçün ildən-ilə daha çox səy göstərmək lazım olur.

 

Yarışmanın əsas məqsədi Xəzəryanı ölkələrin yaxınlaşmasından ibarətdir. Əminliklə demək olar ki, müsabiqə iştirakçıları bu məqsədə 100 faiz nail olublar. Hərbi dənizçilər qeyd edirlər ki, dəniz yarışları qarşılıqlı anlaşma və dostluq şəraitində keçib.

 

“Dəniz kuboku” hərbi dəniz yarışması artıq ikinci dəfədir ki, Azərbaycan paytaxtında keçirilir. Azərbaycan nümayəndə heyəti 2015-ci ildən etibarən üçüncü dəfədir bu müsabiqəyə qatılır. İlk dəfə azərbaycanlı hərbi dənizçilər üçüncü yeri tutmuşdular. 2016-cı ildə komandamız ikinci yerə çıxmışdı. Ötən il isə Azərbaycan yarışmada kuboku qazana bilmişdi.

 


Create Account



Log In Your Account