Mar 05 2019 18:48
Views: 309

Bu ilin ilk 2 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun strukturuna daxil olan 4 quruma 11 mindən artıq vətəndaş müraciət edib. Bunu Dövlət Sosial Müdafiə Fondunun yeni qəbul şöbəsinin açılış mərasimində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, yeni qəbul şöbəsinin istifadəyə verilməsinin əsas məqsədi vətəndaşlara səmərəli və sürətli xidmət göstərməkdir. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas prinsip kimi müəyyən olunub.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində prezident İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən pensiya yaşı çatmış şəxslərə elektron qaydada pensiya təyinatı həyata keçirildiyini deyən  nazirin sözlərinə görə, artıq belə vətəndaşların sayı 5 minə çatıb. Pensiya yaşı çatmış vətəndaşa doğum günündə  SMS vasitəsilə məlumat verilir. Bu SMS-də pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt öz əksini tapıb. Bu qaydada pensiya təyin olunan 5 mininci vətəndaş isə Ramiz Tahirov olub.

Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzi “bir pəncərə” və  “e-sosial” portalı əsasında xidmət göstərəcək. Fondun təcrübəli mütəxəssisləri Mərkəzə cəlb olunaraq, onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib.


Create Account



Log In Your Account