Jul 20 2019 17:13
Views: 244

Azərbaycanın Xarici İşlər Nazirliyi Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş naziri Gladis Berejiklianın guya ştatın Dağlıq Qarabağın müstəqilliyini tanıdığığı barədə açıqlamasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejimi dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır. Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Avstraliyanın rəsmiləri bu barədə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında dəfələrlə qeyd ediblər.

Leyla Abdullayeva  Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda verdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.  Leyla Abdullayevanın fikrincə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.

Xarici İşlər Nazirliyinin sözçüsü  Gladis Berejikliannın 2013-cü ildə Azərbaycanın  işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün ölkəyə  girişi arzu olunmayan şəxslər siyahısına daxil edildiyini xatırladıb.

Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş naziri Gladis Berejiklian Yerevana şəxsi səfəri zamanı Ermənistanın bəzi rəsmiləri ilə görüşlər keçirib. O, yerli kütləvi informasiya vasitələrinə  müsahibələrinin  birində Yeni Cənubi Uelsin 20 ildir guya Dağlıq Qarabağın müstəqilliyini tanıdığını bildirib.


Create Account



Log In Your Account