Mar 24 2018 18:10
Views: 703

Ermənilər işğal altındakı Dağlıq Qarabağ ərazisində qeyri-qanuni qazıntılar apararaq tədqiqatların nəticələrini təhrif edir və bununla tarixi Azərbaycan torpaqlarında yaşadıqlarını “sübut” etməyə çalışırlar. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli belə deyir. Onun sözlərinə görə, ermənilər işğalçı əməllərini ört-basdır etmək üçün belə fikir formalaşdırmağa çalışır ki,  guya Qarabağda heç bir abidə tədqiq edilməyib, qeydə alınmayıb. Əslində isə Qarabağ təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda Azərbaycan arxeoloqlarının ən geniş tədqiq etdiyi bölgələrdəndir. Son 10 ildə Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan ərazisində onlarla yerli, o cümlədən beynəlxalq ekspedisiya həyata keçirilib, arxeoloji qazıntılar aparılıb. Nəcəf Museyiblinin sözlərinə görə, ermənilərin işğal olunmuş ərazilərdə qazıntılar aparması onların tarixi saxtalaşdırmaq və əlavə dividentlər qazanmaq kimi cılız planlarından başqa bir şey deyil.

Qarabağ bölgəsində arxeoloji araşdırmaların aparılması üçün dövlət kifayət qədər maliyyə dəstəyi göstərib. Bu sahədə 2008-ci ildə imzalanan sərəncamlar Azərbaycanın maddi-mədəniyyətinin, o cümlədən Qarabağın arxeoloji irsinin öyrənilməsində yeni imkanlar yaradıb. Ağdam rayonunun işğaldan kənarda qalmış ərazisində, onunla həmsərhəd olan Ağcabədi, Bərdə və Tərtər rayonlarında kəşfiyyat-axtarış işləri aparılib, bir sıra yeni abidələr qeydiyyata alınıb. Burada aparılan qazıntıların nəticələri həm Azərbaycanda çap olunan elmi nəşrlərdə, həm də dünyada dərc olunan elmi nəşrlərdə yer alıb. Bu da Qarabağın qədim tarixi haqqında elmi tədqiqatların dünyada yayılmasına tövfə verib. Beynəlxalq konfransların keçirilməsi də bu istiqamətdə aparılan ardıcıl fəaliyyətin nəticəsidir. Nəcəf Museyibli deyir ki, bu il növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Direktor müavininin sözlərinə görə, institutun əməkdaşlarının apardıqları araşdırma və tədqiqatlar əsasında  “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi" hazırlanıb. Bu xəritədə Qarabağda yerləşən 200-dən çox arxeoloji, tarixi, memarlıq abidəsinin pasportu hazırlanıb, onların GPS koordinatları müəyyən edilib və hər bir abidəyə ayrıca tarixi arayış yazılıb. 2008-ci ildən başlayaraq, ölkə ərazisində aparılan çöl tədqiqatlarının illik nəticələri “Azərbaycanda arxeoloji tədqiqatlar” adlı məcmuədə nəşr olunur. Bu toplularda da Qarabağ bölgəsində aparılan araşdırmalar öz geniş əksini tapıb.

 

 


Create Account



Log In Your Account