Mar 30 2019 15:14
Views: 358

Erməni daşnaklarının onilliklər boyunca azərbaycanlıları tarixi torpaqlardan qovmaq, azərbaycan xalqına qarşı terror təşkil etmək və soyqırım törətmək planları olub. Bu planlarını ən dəhşətli formada 1918-ci ilin martında icra ediblər. həmin il martın 30-dan aprelin 2-dək bolşevik birləşmələri və ermənilər təkcə Bakıda minlərdə insanı öldürüb, artilleriya atəşinə tutub, paytaxtın ən böyük məscidi olan Təzəpiri güllə atəşinə tutub, dünya memarlığının incisi sayılan İsmaillə binasını yandırıb.

Qanlı faciə zamanı bolşevik-erməni birləşmələri Bakıda, Qubada, Göyçayda, Salyanda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər regionlarda kütləvi qətllər həyata keçirib. Mindən artıq kənd yandırılıb və dağıdılıb. Təkcə Quba rayonunda 167 kənd tamamilə viran qoyulub, müsəlman və yahudi əhalini kütləvi şəkildə öldürülüb. 2007-ci ildə inşa işləri zamanı təsadüf nəticəsində kütləvi məzarlıq aşkarlanıb. 2009-cu ildə prezident İlham Əliyev dünya ictimaiyyətinə ermənilərin ərazi iddiaları, işğalçı siyasəri və qanlı cinayətlərini çatdırmaq, eyni zamanda gələcək nəsillərə bu həqiqətin ötürülməsi, soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Qubada Soyqırımı Memorial Kompleksi yaradılması haqqında tapşırıq verib.

Tarixçilər deyir ki, Şamaxıda soyqırımdan öncə 27 min insan yaşayıb, onların da 21 mini milliyətcə azərbaycanlı olub. Şəhərin 110 kəndi soyqırım nəticəsində talan edilib, onların böyük hissəsi yandırılıb. Kəndlərdə 10 mindən artıq insan öldürülüb. Erməni millətçilərinin kütləvi qətllərinin şahidlərindən biri də Şamaxı Cümə məscidididr. Bu məscid Azərbaycanın ən qədim məscidlərindən biridir. 743-cü ildə tikilən məscid mart soyqırımlarında çoxlarının sığınmaq üçün son ümid yeri olsa da, ermənilər məscidi yandırmaqdan və 1500-dən çox insanı qətlə yetirməkdən çəkinməyib.

Bu gün Azərbaycan dövləti soyqırımın tanıdılması istiqamətində mütəmadi tədbirlər keçirir. Ölkədə və  xaricdə beynəlxalq səviyyəli toplantılar keçirilir. Bakı Beynlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyir ki, beynəlxalq konfranslarda azərbaycanlı alimlərlə yanaşı dünya alimləri də mart soyqırımı ilə bağlı sənədlər ətrafında müzakirələr aparır. Bu da səbəbsiz deyil, çünki soyqırımda həlak olanların sırasında təkcə azərbaycanlılar deyil, digər xalqların da nümayəndələri olub.

Azərbaycan Xarici İşlər Nazirliyi soyqırımın 101-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, 1918-ci ilin mart qırğınları millətçi ermənilərin Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırladığı və qəddarcasına həyata keçirilən siyasət idi. Nazirlik bəyan edib ki, bu kimi qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmalıdır.

Xatırladaq ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 31 martın soyqırım günü kimi qeyd olunması haqqında qərar qəbul edib. Sovet dövründə xalqın yaddaşından bu hadisələri silmək cəhdləri edilsə də, Azərbaycan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra çoxsaylı araşdırmalar aparılıb və faciəvi hadisələr barədə kitablar çap olunub. 1998-ci ildə milli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart tarixi azərbaycanlııların soyqırımı günü kimi elan edilib.  


Create Account



Log In Your Account