Feb 25 2019 14:02
Views: 303

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində jurnalistlər qarşısında oxuyub. Bəyanatda deyilir ki, Xocalı şəhərində 27 il bundan əvvəl ermənilər Türkiyə və Azərbaycan tarixinə qara gün kimi yazılan qanlı hadisə törədib.

Şamil Ayrım bildirib ki, Xocalıda törədilən soyqırımı və vəhşilik saxta “Böyük Ermənistan” ideologiyası çərçivəsində erməni diaspor təşkilatları və şovinist dairələrinin, həmçinin onların arxasında dayanan bəzi imperialist qüvvələrin birgə əməlidir. Bu soyqırımı törətməkdə məqsəd Qarabağ bölgəsini Azərbaycan türklərindən təmizləmək olub. Xocalı faciəsinə lazımı hüquqi qiymət verilməsi üçün türk və Azərbaycan diasporu birgə fəaliyyət göstərir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciə zamanı həlak olmuş şəxslərin xatirəsini yad edib. bu barədə İslam Əməkdaşlıq Təşkilatının bəyanatında bildirilir. Bəyanatda qeyd edilir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalının nəticəsidir. Baş katib işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib. O, Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.

Xocalı soyqırımının ildönümündə Azərbaycana daha bir dəstəyi Pakistan verib. Faciənin ildönümü münasibətilə bu ölkədə keçirilən seminarda Pakistanın  əyalətlərarası koordinasiya naziri Fehmida Mirzə bildirib ki, ölkəsi Dağlıq Qarabağ məsələsinin həllində hər zaman Azərbaycanı müdafiə edir, Ermənistanı bir dövlət kimi tanımır. Nazir Pakistanın Ermənistanın Xocalıda törətdiyi soyqırımı qınadığını qeyd edərək, Azərbaycan, Pakistan və Türkiyənin eyni dəyərləri və regionda sülh və sabitliyin bərqərar olunması ilə bağlı eyni hədəfləri bölüşdüyünü vurğulayıb. “Hər kəs bir daha əmin olsun ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcək” – sitatın sonu.


Create Account



Log In Your Account