Mar 05 2019 17:58
Views: 400

Azərbaycanın işğal olunmuş ərazilərində bir sıra şirkətlər qanunsuz olaraq fəaliyyətlər göstərir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən  “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfransda məlumat verib. Nazir konkret olaraq bu cür qanunsuz fəaliyyət göstərən şirkətlərdən bəzilərinin adını açıqlayıb. Qeyd edib ki, bu ərazilərdə zavod açan İsveçrənin "Frank Muller" şirkətinin fəaliyyəti dayandırılıb. Nazir işğal altındakı Azərbaycan torpaqlarında ermənilərin qanunsuz olaraq məskunlaşma siyasəti aparmasına dair dəlillərin olduğunu da diqqətə çatdırıb.

Xarici işlər naziri qeyd edib ki, xarici dövlətlər öz şirkətlərinin beynəlxalq hüquq normalarını pozmasına imkan verməməlidir. Konfransda işğal nəticəsində Azərbaycanın iqtisadiyyatına və təbiətinə dəyən zərər barədə də məlumat verilib. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib ki, İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqda cinayətdir.

İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət həm də Azərbaycanın ekologiyasına ciddi ziyan vurub. Məsələn, Araz çayının çirklənməsi nadir balıq növünün məhvinə səbəb olub. Digər tərəfdən, Azərbaycanın təbii sərvətlərindən də qanunsuz istifadə edilir.  

Konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, “İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panellər üzrə davam edib.

 


Create Account



Log In Your Account