Oct 09 2019 20:34
Views: 278

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulub, çoxsaylı abidələrimiz dağıdılıb, talan edilib və bu gün də Ermənistan abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı Ermənistan KİV-də yayılan məlumatlara münasibət bildirərkən deyib. O vurğulayıb ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf bölgələrdə ölkəmizin tarixi və mədəni irsini məhv etməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edilib.
Ekspertlər hesab edir ki, məscidin guya bərpa olunması ilə bağlı məlumatlar Ermənistanın  beynəlxalq tribunalardan səslənən tənqidlərdən nəinki nəticə çıxarmadığını, üstəlik tarixi saxtalaşdırmaqdan əl çəkmədiyinin sübutudur.  Ermənistanın əsas məqsədi isə Dağlıq Qarabağda olan mədəni, dini, tarixi abidələrdə Azərbaycan izlərini, tarixini silməkdir.
Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı erməni silahlı birləşmələri məscidi dağıdıb.  Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar təqdim edib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində qətnamələr qəbul edib.  Sonuncu belə qətnamə bu il İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclasında qəbul olunub.


Create Account



Log In Your Account