Nov 06 2018 18:52
Views: 372

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan  Azərbaycan ərazilərində 261 min hektar meşə sahəsi məhv edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Günü münasibətilə yayımladığı məlumatda belə deyilir. 
Bildirilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb.
"İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən geniş miqyaslı çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. Tərtər çayı üzərində inşa edilmiş və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarından işğalçı qüvvələr qış mövsümündə sahələrin su atında qalması, yay aylarında isə kəskin su qıtlığı yaratmaqla dağətəyi və aran hissədə məskunlaşan 400 min əhalini təhlükə altında saxlayır”.
2016-cı ildə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qəbul etdiyi  qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edib. 
Leyla Abdullayeva vurğulayıb ki, Azərbaycanın işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətləri ermənilər talan edir. Ermənistan bununla bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirir.
Xatırladaq ki, BMT Baş Assambleyası 2001-ci ildən noyabrın 6-ını Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması üzrə Beynəlxalq Gün elan edib.  BMT ətraf mühit proqramının araşdırmalarına görə, dünyada son 60 ildə baş verən müharibələrin 40%-i təbii resursların istismarı ilə əlaqəlidir. ümumilikdə bütün münaqişələrdə bu və digər səviyyədə təbii sərvətlər, ətraf mühit zərər görür.


Create Account



Log In Your Account