May 03 2019 18:19
Views: 346

Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində heç nə əldə etməyib, əksinə ölkə böhranla üzləşib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 5-ci ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda panel müzakirəsində deyib. Bildirib ki, danışıqlar prosesində bunu Ermənistan tərəfinə dəfələrlə söyləsə də, qarşı tərəf heç bir əsaslı arqument ortaya qoya bilmir. ***

Müzakirələr zamanı Elmar Məmmədyarov dünyada sülhün bərqərar olmasında BMT-nin rolunun artırılmasına da toxunub. Nazir BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmamasının əsas problemlərdən biri olduğunu deyib. Nazir Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsinin asan olmadığını bildirib.

Forum çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” plenar sessiyası da keçirilib. Sessiyada “Gənclər və mədəniyyətlərarası liderlik” mövzusu müzakirə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tədbirdə çıxış edərək deyib ki, gənclərin böyük bacarıq və qabiliyyətləri var. Gənclərə dəstək verməklə, daha gözəl dünyanın qurulmasına nail olmalıyıq. Leyla Əliyeva gənclərin ideya və innovasiyalarının planeti tamamilə dəyişə biləcəyini söyləyib. Bildirib ki,  dünyada 600 milyondan çox gənc təhsilsizdir.

Forumda Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə Azərbaycanda multikulturalizm qədim ənənələri olduğu qeyd edilib.  Bildirilib ki, bu gün multikulturalizmin Azərbaycan modeli dünyanın bir çox ölkəsində ali məktəblərdə tədris olunur.

 “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzusunda panel müzakirəsi zamanı çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov isə Azərbaycanda qaçqın və məcburi köçkünlərin probleminə diqqət çəkib. Bildirib ki, Azərbaycan indi dünyada ən çox məcburi köçkünə sahib olan ölkələrdən biridir.

 “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il dünyanın 105-dən çox ölkəsindən nümayəndələri bir araya gətirib.   forumda 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edir.

 


Create Account



Log In Your Account