Apr 18 2019 18:56
Views: 500

“Ermənistan danışıqları uzatmaq əvəzinə, azərbaycanlı girovları qanunsuz həbsdən dərhal azad etməlidir. Onlara işgəncələr verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi ilə bağlı əldə olunan razılığı şərh edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə deyir. 2014-cü ildən erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, Ermənistan bu açıqlaması ilə əslində, Azərbaycanın haqlı olduğunu etiraf edir.

Artıq 5 ildir erməni girovluğunda qanunsuz saxlanılan, işgəncələrə məruz qalan azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edilsə də, müsbət nəticə əldə olunmayıb. Anar Bağırov deyir ki, artıq məhkəmədə icraat son mərhələdədir. Bu ilin sonunadək Avropa Məhkəməsinin ədalətli, obyektiv qərar qəbul edəcəyi gözlənilir.

Erməni girovuğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov artıq 1 il 6 aydır ki, atasından nə videogörüntü, nə şəkil, nə də məktub almadığını deyir. O, atasını görmək üçün Şuşaya getməyə hazır olduğunu bildirir.

Kürdoğlu Əsgərov atası ilə görüşə biləcəyi xəbərinə sevinsə də, onun erməni girovluğundan birdəfəlik azad edilməsini tələb edir. Xatırladaq ki, 2014-cü il iyulun 11-də yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu Ermənistan Silahlı Qüvvələri girov götürüb. Həsən Həsənov güllələnərək öldürülüb. Dilqəm Əsgərov separatçı rejimin qurduğu qanunsuz qanunsuz “məhkəmə”nin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib. Hər iki kəlbəcərli girovun azad edilməsi üçün Azərbaycan dövləti və hüquq müdafiəçiləri artıq 5 ilə yaxındır ki, iş aparırlar.


Create Account



Log In Your Account