Oct 18 2017 16:57
Views: 1022

Ermənistanda demoqrafik siyasət və miqrasiya bu cür davam edərsə, ölkə əhalisinin sayı 2035-ci ildə 2,5 milyon nəfərədək azala bilər. Belə bəyanatla BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan çıxış edib. Fondun məlumatına görə, ölkə əhalisinin artımı üçün doğumun artırılması və repatriasiya üçün müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyona çata bilər. Ayrapetyanın sözlərinə görə, nəzəri olaraq bu mümkün olsa da, əməli cəhətdən çox çətindir. O bildirib ki, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı sadəcə ambisiyalı çıxış deyil, bu, çox çətin əldə oluna biləcək məqsəddir. “Nəzərə almalıyıq ki, Ermənistan gəlirlərin bərabərsizliyi baxımından dünya ölkələri sırasında ilk onluqda qərarlaşıb”, - deyə Ayrapetyan vurğulayıb. Rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır. Ölkədə yaşanan aclıq və səfalət səbəbindən xüsuslə də gənclər Ermənistanı sürətlə tərk edirlər. Onların böyük əksəriyyəti ailəsini dolandıra bilmək üçün Rusiyaya, bir hissəsi isə Avropaya üz tutur. Dünya İqtisadi Forumunun hesabatına görə, Ermənistan iqtisadi cəhətdən dünyanın ən geridə qalmış ölkələrindəndir. Sənəddə Ermənistanın region ölkələri içərisində iqtisadi göstəricilərinə görə 40-50 pillə geridə qaldığı bildirilir. Bunun bir səbəbi ixrac qabiliyyətli məhsulların istehsalının zəif olmasıdır. Bu, iqtisadiyyatın inkişafında əsas şərtlərdən biridir. Üstəlik Ermənistanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna rekord həddə borcu var. Digər tərəfdən isə Ermənistana yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır. Erməni iqtisadçıları bunun günahını hakim rejimdə görürlər. Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan sərmayəçilər üçün ənənəvi maneələrin hələ də mövcud olduğunu bildirib. Bu səbəbdən iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymağa ehtiyat olunur. Verilən məlumata görə, son bir ildə ölkəyə cəmi 1 milyon 900 min dollar məbləğində birbaşa investisiya daxil olub. Bu da əvvəlki illə müqayisədə 5 dəfə azdır. Ekspertlər qarşıdakı illər üçün də bədbin proqnozlar verirlər.


Create Account



Log In Your Account