Sep 25 2019 17:07
Views: 502

“Erməni tərəfinin əsas məqsədi o idi ki, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosu kimi mühüm təşkilatda bizim icmanın səsini boğsun”. Bunu CBC-yə müsahibəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. Sentyabrın 20-də Polşanın paytaxtı Varşavada ATƏT-in “Humanitar məsələlər və digər öhdəliklər” sessiyası keçirilib. Qaçqınlar və məcburi köçkünlərin hüquqlarının da müzakirə olunduğu sessiya zamanı Ermənistan nümayəndə heyəti prosedur qaydalarından sui-istifadə edərək, icma rəhbərinin çıxışının qarşısını almağa cəhd göstərib.

Ermənistan nümayəndəsi Tural Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib.

İcma rəhbəri deyir ki, Ermənistan nümayəndəsinin bu hərəkəti tədbir iştirakçılarının da qınağına səbəb olub. Hesab edir ki, bu cür beynəlxalq tribunalarda erməniləri ifşa etmək və susdurmaq, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq çox vacibdir.

“Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının səsini heç kim kəsə bilməyəcək. Bizim səsimiz haqq səsidir və həmişə yüksək tribunalardan gələcək” -  Tural Gəncəliyev belə dedi.


Create Account



Log In Your Account