Oct 27 2017 14:22
Views: 2080

Ermənistan parlamentində törədilən terror aktından 18 il ötür. 1999-cu il oktyabrın 27-də baş verən silahlı basqın zamanı Ermənistan baş nazirinin müavini Vazgen Sargsyan, Parlamentin sədri Karen Dəmirçyan, eləcə də bir neçə deputat öldürülüb. Ekspertlər bu terror aktını Qarabağ münaqişəsinin həllinə qarşı yönəlmiş cinayət kimi xarakterizə edirlər.
Bu, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktının arxiv kadrlarıdır. Nazirlər görülmüş iş barədə hesabat verirdilər, deputatlar suallar verirdilər. Qəflətən 5 silahlı şəxs zala daxil olur və atəş açmağa başlayır. Parlamentin sədri Karen Dəmirçyan və baş nazirin müavini Vazgen Sargsyan dərhal güllələnir. Bir neçə deputat yaralanır, qalanları girov götürülür. Silahlı qruplaşmaya keçmiş jurnalist Nairi Unanyan rəhbərlik edib. O bəyan edib ki, bu addımı Ermənistanda son 5 ildə hər hansı inkişaf görmədiyinə görə atıb. Terrorçular Ermənistanın o zamankı prezidenti Robert Köçəryanla görüş tələb ediblər.Yerli medianın məlumatına görə, yalnız Köçəryanla mövzusu heç kimə məlum olmayan danışıqlardan sonra terrorçular təslim olublar. Məhkəmə onları ömürlük həbs cəzasına məhkum edib. Amma indiyədək Ermənistanda, eləcə də ölkədən kənarda parlamentdə baş verənlərin səbəbləri ilə bağlı fərqli versiyalar irəli sürülür. Terrorçuların təkbaşına hərəkət etmələrinə heç kim inanmır.
Cinayət Axtarış idarəsinin keçmiş rəhbəri Muşeq Saqatelyan deyir ki, cinayət işində o qədər fakt var ki, başqa yönlərə başmağa ehtiyac yoxdur. “Aydındır ki, sifariş Robert Köçəryan və “Daşnaksütyun” partiyasından olub. O zaman baş nazirin müavini Vazgen Sargsyan onlara mane olurdu. Vazgen Sargsyan Ermənistanın Rusiya tərəfindən tamamilə idarə olunmasını istəmirdi. Ona görə də, onun uzaqlaşdırılması tezləşdirildi və Milli Məclisin sədri Karen Dəmirçyan öldürüldü”.
Tarixçi Rizvan Hüseynov 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verənləri Robert Köçəryanın hadisədən bir az əvvəl hakimiyyətə gəlməsi ilə əlaqələndirir. Koçaryan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəməməsi ilə seçilib.
Tarixçinin sözlərinə görə, hadisələrin bu cür inkişafından o zaman münaqişənin dondurulmasında maraqlı olan Rusiya rəhbərliyi və müəyyən dairələri narazı idilər. Moskva qorxurdu ki, Ermənistan o zaman regionda reallaşdırılan layihələrə qoşula bilər və Rusiya Cənubi Qafqazda öz nüfuzunu itirə bilər. Oktyabr hadisələri faktiki olaraq, “Daşnaksütyun” partiyasını Ermənistanda hakimiyyətə gətirdi. Terrorçuluğu dəstəkləyən bu partiya indi də Ermənistanın hakimiyyət koalisiyasına daxildir.
1999-cu il qanlı terroru Ermənistanda sonrakı vəziyyətə də təsir göstərdi. Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqla Yerevan  ölkə daxilində onsuz da ağır olan vəziyyəti daha da pisləşdirdi.  Bitməyən emiqrasiya, artan kasıbçılıq, ən əsası-qonşular-Azərbaycan və Türkiyə ilə  sərhədlərin bağlı olması Serj Sargisyanın, Robert Köçəryanın və bütün Qarabağ klanının siyasətinin nəticəsi oldu. Onlar üçüncü ölkələrin maraqlarına xidmət edərək  Ermənistanı taladıqca bu ölkənin əhalisi kasıblıq içində yaşayır. Öz hüquqlarını tələb edəndə cəzalanmaqdan qorxan sadə vətəndaşlar Ermənistanı tərk etməyə üstünlük verirlər.


Create Account



Log In Your Account