Sep 26 2019 18:50
Views: 235

“ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bəyanatı göstərir ki, onlar Ermənistan baş naziri Nikol Paşinyanın populist açıqlamalarını rədd edirlər”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilmiş görüşünün nəticələrinə dair həmsədrlərin bəyanatı ilə bağlı açıqlamasında belə deyilir. Qeyd edilir ki, həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikani qəbul etmədiklərini bildiriblər. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri Səməd Seyidov isə hesab edir ki, görüş Ermənistan baş nazirinin münaqişə ilə bağlı məsuliyyətsiz bəyanatları ilə təxminən eyni vaxta təsadüf edib. Bu isə danışıqlar prosesi ilə bağlı optimist düşünməyə əsas yaratmır.

 Səməd Seyidovun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti regionda sabitliyə ciddi təhdid olaraq qalır. Bildirib ki, həmsədrlərin iştirakı ilə keçirilən görüş Ermənistanın məsuliyyətsiz və destruktiv addımlarına aydınlıq gətirməlidir. Əks halda danışıqlar mənasız olacaq.  Milli Məclisin komitə sədri deyib ki, Azərbaycanın siyasəti regionda sülh və sabitliyin təmin olunmasına yönəlib.

 


Create Account



Log In Your Account