Dec 15 2018 18:01
Views: 363

“Qarabağ münaqişəsinin sülh nizamlanması Ermənistanın əsas prioriteti olaraq qalır”. Bunu Twitter-dəki mikrobloqunda Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan yazıb. "Biz regionda sabitlik və sülh naminə nizamlanmanın sülh prosesini davam etdirəcəyik. Nizamasalma bütün tərəflərdən səylər tələb edir", - deyə Paşinyan vurğulayıb. Ekspertlərsə hesab edir ki, danışıqlarda real irəliləyişə nail olunmamasının yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

Politoloq Fikrət Sadıxov qeyd edib ki, Ermənistandakı indiki gərgin siyasi durum, ağır iqtisadi böhran şəraitində bu ölkənin başqa çıxış yolu qalmır. Və yeni hökumət bunu nə qədər tez anlasa, regionda, dünyada gedən prosesləri nə qədər tez və doğru qiymətləndirə bilsə, bir o qədər yaxşıdır.

“Onların başqa yolu da yoxdur. Onlar böhran vəziyyətindədirlər. Dalana dirənən bir vəziyyətdədirlər və başa düşməlidirlər ki qonşuları faktiki olaraq onlarla heç bir münasibətdə deyillərsə, Türkiyə və Azərbaycanla sərhədləri bağlıdırsa, düşünməlidirlər ki, burda nəsə yeni bir addım atmaq lazımdır”.

Politoloq qeyd edib ki, artıq bütün dünya Ermənistanın təcavüzkar olması faktını qəbul edir. Rəsmi Yerevanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkənin beynəlxalq nüfuzuna da ciddi zərbə vurur. Fikrət Sadıxov Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnaməni xatırladaraq, bu qərarın dünyada yeni bir tendensiyanın başladığının təzahürü olduğunu deyib.

Politoloq xarici işlər nazirləri arasında 2019-cu ilin əvvəlində keçirilməsi gözlənilən görüşün proseslərin gedişinə aydınlıq gətirəcəyini bildirib. Onun fikrincə, məhz bu görüşdən sonra Ermənistanın yeni hökumətinin münaqişənin həllinə nə dərəcədə konstruktiv yanaşacağı haqqında qəti fikir söyləmək mümkün olacaq.


Create Account



Log In Your Account