Aug 10 2019 20:06
Views: 393

Ermənilər işğal altındakı Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağını məhv edib. Bu, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Azersky peyki vasitəsilə bu ilin iyun-iyul ayları ərzində apardığı  monitorinq nəticəsində məlum olub. Peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb. Azərbaycan Xarici işlər Nazirliyi və Azərkosmos-un birgə yaydığı açıqlamada qeyd olunur ki, Ermənistanın işğal altındakı ərazilərimizdə törətdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır, həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir. Xarici İşlər Nazirliyi bəyan edib ki, bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını və azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş dağlıq qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.
Azersky təsvirləri vasitəsilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və geniş miqyaslı yanğınların törədildiyi müşahidə edilib. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb.


Create Account



Log In Your Account