Aug 17 2018 18:08
Views: 510

Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətə gəlişinin 100-cü günü ilə bağlı mitinq keçirməyi planlaşdırır. Lakin bu aksiya qərarı ölkədə birmənalı qarşılanmayıb. Tanınmış erməni siyasi şərhçiləri öz yazı və məqalələrində Nikol Paşinyanı ən sərt şəkildə tənqid atəşinə tutur, hətta onun hakimiyyəti itirmək ehtimallarının yüksək olduğunu bildirirlər.  Çünki Paşinyan bu 100 gün ərzində verdiyi vədlərin faktiki olaraq heç birinə əməl etməyib.

Politoloq Elçin Mirzəbəyli bildirir ki, Ermənistan cəmiyyətində Paşinyana olan ümidlər qırılmağa başlayıb: “Artıq ona qarşı sərt ittihamlar səsləndirilir, bildirilir ki, o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. İqtisadi islahatlarla bağlı fikirləri əhəmiyyətsiz oldu, Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi ilə bağlı verdiyi vədlərin heç bir effektiv nəticə vermədi. Bütün bunlar da Paşinyanın mövqeyinin Ermənistan cəmiyyətində kifayət qədər zəifləməsinə səbəb olub”.

Politoloq qeyd edir ki, Ermənistan hakimiyyətinin arxalana biləcəyi iqtisadi resurslar da yoxdur. Bu boşluğu doldurmaq üçün Ermənistana investisiyaların yatırılması ilə bağlı uğurlu addım atılmayıb. Hətta Paşinyan xaricdəki erməni iş adamlarını Ermənistana sərmayə qoymağa cəlb edə biməyib. Bu da cəmiyyətdə ona qarşı fikirlərin dəyişməsinə səbəb olur.

Nikol Paşinyanın 100 günlük hakimiyyəti dövründə Ermənistanda siyasi baxımdan da problemlərin sayı azalmayıb, əksinə artıb. Məsələn, Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki qədər gərgin olmayıb.

“Paşinyan bu aksiyada təkcə daxili problemlərlə bağlı deyil, həmçinin xaricdən Ermənistana olan münasibətlə bağlı güc nümayişinə çalışır. Sübut etmək istəyir ki, Rusiya ilə bağlı səsləndirdiyi fikirlər erməni xalqının mövqeyini nümayiş etdirir”.

Ekspertlər hesab edrlər ki, bu mitinqin effektsiz olacağı əvvəlcədən bəllidir. Çünki Paşinyan bu 100 gün ərzində heç bir sahədə uğur qazanmayıb. Hətta vaxtilə Paşinyanın mövqeyini müdafiə edən qruplar da indi ona əks mövqedə dayanmağa başlayıb.  Son dövrlərdə keçmiş hakim partiyanın - Ermənistan Respublikaçılar Partiyasının nümayəndələrinin də fəallaması bunu sübuta yetirir.

Ermənistanın indiki vəziyyətdən çıxmasının yeganə yolu işğala son qoymaqdan və bütün qonşularla normal münasibətlər qurmaqdan keçir. Hələlik Paşinyan bu yolu tutmayıb.


Create Account



Log In Your Account