Apr 17 2018 15:59
Views: 532

Ermənistanda Serj Sarkisyanın baş nazir təyinatına qarşı aksiya keçirən nümayişçilər polisin aksiyaları dayandırmaq tələbini rədd edib. Yerevan polisinin mitinqlərin dayandırılması barədə yazılı qərarını müxalifət lideri Nikol Paşinyan cırıb. O, etirazçıların dayanmayacağını bəyan edib. Xatırladaq ki, ötən gün hakim Respublika və Daşnaksutyun partiyalarının fraksiyasının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Bu zaman aksiya iştirakçıları Ermənistan parlamentinə daxil olmağa çalışıblar.
Yerevanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 46 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 6-sı polisdir. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Ölkənin Səhiyyə nazirliyi indi xəstəxanalarda 12 nəfərin müalicəsinin davam etdiyini bildirib. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb.
Nümayişçilər hələ də Baqramyan prospektindədirlər. Daha əvvəl polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkət etmək istəyən nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edib. Bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçirilməlidir. Bu səbəbdən aksiya iştirakçıları parlamentə doğru hərəkət etməyə çalışırlar. Xatırladaq ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra faktiki olaraq baş nazir idarə edəcək.


Create Account



Log In Your Account