Apr 28 2018 16:27
Views: 633

Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Müvəqqəti baş nazir Karen Karapetyan ölkədə fövqəladə vəziyyət elan edib. Müxalifətin lideri Nikol Paşinyan isə növbəti mitinqi Gümrüdə keçirib.
Küçələrə axışan minlərlə insanın qarşısına çıxan Paşinyan hökuməti istefa verməyə və ölkədə növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb. Bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında üzv kimi qalacaq. Onun sözlərinə görə, rəhbərlik etdiyi hərəkət Rusiyaya qarşı düşmən mövqedə deyil və ölkəni düşüncəsiz, macəralı yola sürükləməyəcək. Nikol Paşinyan Yerevanda keçirdiyi mətbuat konfransında hakimiyyətlə danışıqlara hazır olduqlarını bəyan edib.
Paşinyan bildirib ki, Yerevanda başlanan etirazlar kiməsə deyil, Ermənistanda mövcud olan qanunsuz və korrupsiyaya yoluxmuş sistemə qarşı yönəlib. “Biz Ermənistanda real dəyişikliklər istəyirik. Parlamentə yeni seçkilərin şəffaf və demokratik keçiriləcəyinə dair təminat tələb edirik. Siyasi böhranı dərinləşdirməməliyik, əksinə, həll etməliyik” – Paşinyan belə deyib. O, mayın 1-də xalqı parlament binası qarşısında toplaşmağa çağırıb.


Create Account



Log In Your Account