Sep 12 2018 18:29
Views: 661

Ermənistan xüsusi xidmət orqanları rəhbərlərinin telefon danışığının internetə sızması ölkədə ciddi rezonansa səbəb olub. Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan telefon danışığında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri Yuri Xaçaturovun cinayət işini müzakirə edib. Audioyazıda həbslər barədə göstərişin baş nazirdən gəldiyi vurğulanıb. Hadisədən dərhal sonra mətbuat konfransı keçirən təhlükəsizlik orqanlarının rəhbərləri istefa verməyə hazır olduqlarını, lakin başladıqları işi başa çatdırmaq istədiklərini bildirblər. Baş verənləri şərh edən Nikol Paşinyan isə bəyan edib ki, dinləməni 2008-ci il hadisələrinin araşdırılmasına qarşı olan şəxslər həyata keçirib. 
“Mən Robert Köşəryan və Serj Sarkisyan deyiləm ki, istintaqçıların və polisin kürəyinin arxasında gizlənim. Bəli, bəyan edirəm ki, Ermənistandakı siyasi və ictimai xarakter daşıyan bütün həbslərə görə məsuliyyəti öz üzərimə götürürəm. Robert Köçəryan, Serj Sarkisyan Ermənistanın qarət olunmasında məsuliyyət daşıyan adamlardır və buna görə məhkəmədə cavab verməlidirlər. Əgər bunu etməsəniz, sizlər üçün böyük problemlər yaranacaq, sizə heç kim kömək etməyəcək, ümumiyyətlə dünyada sizə yardım göstərəcək heç bir qüvvə yoxdur”.
Ekspertlər hesab edir ki, bu hadisə Paşinyanın bəyan etdiyi demokratiya vədlərinin real olmadığını bir daha təsdiqləyir. Əksinə, ölkədə siyasi mübarizə daha ciddi və gərgin bir mərhələyə daxil olub. Ekspertlərin fikrincə, xüsusi xidmət orqanları rəhbərlərinin telefon danışığının məzmun, Ermənistanda bir avtoritar rejimin digəri tərəfindən əvəzləndiyini göstərir.
Rusiyalı politoloq Sergey Markov hesab edir ki, bu, Köçəryanın, Xaçaturovun və digərlərinin həbsi barədə hüquq-mühafizə orqanları yox, məhz şəxsən Paşinyan qərar qəbul edib. Çünki buna telefon danışığında birbaşa istinad var: “Baş nazir deyir ki, Xaçaturovu bitirmək lazımdır. Beləliklə, məhz Paşinyan Rusiyanın həlledici rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsi barədə göstəriş verib. Bu açıq-aydın Rusiya əleyhinə bir addımdır. Eyni zamanda, açıq-aydın görünür ki, hüquqi dövlətdən, demokratiyanın qayıtmasından söhbət gedə bilməz, sadəcə bir avtoritar rejim digərini əvəz edib”. 
Ekspertlər baş verən proseslər fonunda Ermənistan hökumətinin xarici siyasətdə də ciddi səhvlər yol verdiyini vurğulayır. Onların fikrincə, Paşinyanın xüsusilə son bəyanatı bir daha onu göstərir ki, Rusiya ilə münasibətlərdə problemlər nəinki həll olunmayıb, əksinə proseslər mürəkkəbləşir, qarşılıqlı etimadda isə söhbət belə gedə bilməz.
Ekspertlər hesab edir ki, Paşinyanın son bəyanatında rəqiblərinə ünvanlanmış hədə-dolu bəyanatları ölkədə siyasi gərginliyin artacağını göstərir. Yeni hökumət həm daxili, həm də xarici siyasətdə ardıcıl səhvlərə yol verir, qeyri-peşəkar manevrlər edir ki, bu da ekspertlərin fikrincə, ölkəni sürətlə böhrana doğru aparır.


Create Account



Log In Your Account