Dec 11 2018 18:24
Views: 507

Ermənistanda parlament seçkiləri başa çatsa da, siyasi gərginlik səngimir. KİV-lər Nikol Paşinyanın komandasının seçkilərdə ciddi qanun pozuntularına yol verdiyi barədə faktları açıqlayıb. Parlamentdə artıq Paşinyanın qohumları da təmsil olunacaq.

Ermənistan mətbuatı parlament seçkiləri ilə bağlı yol verilmiş qanun pozuntuları, Paşinyanın yaxın dostlarını və qohumlarını qanunverici orqana seçilməsinə nail olmasını sübut edən faktları yaymağa başlayıb. Yeni parlamentdə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın yaxın qohumları – Sipan Paşinyan, Şurin Paşinyan və qaynı Qraç Akopyan da yer alıb. Diqqətçəkən məlumatlardan biri də Paşinyanın Ermənistan tarixində ən bahalı seçki kampaniyası aparmasıdır.  “Mənim Addımım” İttifaqı bloku seçki kampaniyasında təbliğat məqsədilə 560 min ABŞ dolları xərcləyib.

Seçkinin saxtalaşdırıldığına dəlalət edən digər bir fakt isə seçici siyahılarının həddən artıq şişirdilməsi olub. 2018-ci ilin iyul ayının 1-də  açıqlanmış rəsmi statistikaya görə, Ermənistanın əhalisi 2 milyon 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə isə ölkədə güya 2 milyon 592 min 481 nəfər seçici var. Ekspertlər hesab edir ki, adi riyazi hesablamalar belə bunun kifayət qədər ağlasığmaz rəqəm olduğunu və seçici siyahılarının həddən artıq şişirdildiyini göstərir. Çünki 3 milyona yaxın əhalisi olan ölkədə 2 milyon 600 min seçicinin olması qeyri-mümkündür.

Ekspertlərin fikrincə, parlament seçkilərində saxtakarlıqlara yol veriləcəyi gözlənilən idi. Ötən 5 ay ərzində populist çıxışları ilə yadda qalan Paşinyan indi təkbaşına hökumət formalaşdırmalıdır. Politoloq Elxan Şahinoğlu deyir ki, Paşinyanın hakmiyyətə gəlməsi ilə son 20 ildə ilk dəfə Ermənistan parlamentində Qarabağ klanı təmsil olunmur. Ekspert hesab edir ki, Ermənistanda siyasi durum kifayət qədər həssasdır və hər an gərginləşə bilər.

Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı mövqeyi tutacağı da hələlik məlum deyil. Ekspert hesab edir ki, Paşinyanın bu istiqamətdəki siyasəti eks prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın siyasətindən fərqlənməsə, vəziyyət yenidən gərginləşəcək, atəşkəsin pozulması halları artacaq.

Ermənistandakı siyasi partiyalar isə seçkilərin saxtalaşdırılması ilə bağlı bəyanatlar verir.  Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası seçkinin qorxu atmosferində keçirildiyini bəyan edib. Daşnaksütyun Partiyası da hökumətin seçkiləri saxtalaşdırdığını bildirib.

Maraqlıdır ki, seçkiləri tənqid edənlər arasında Paşinyanın tərəfdaşlarından olan Sasna Çrer Partiyası da yer alıb. Partiya seçkinin tam şəffaf olmadığını açıqlayıb. Ermənistan Parlamentinin keçmiş sədri Ara Babloyan isə seçkilərdə qələbə qazanmış partiyaların öz üzərinə ağır öhdəliklər götürdüyünə eyham vurub.


Create Account



Log In Your Account