May 20 2019 19:37
Views: 448

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın barəsində həbs qətimkan tədbirinin ləğv edilərək zaminə buraxılmasından sonra ölkədə siyasi vəziyyət yenidən gərginləşib. Baş nazir Nikol Paşinyanın çağırışı ilə Yerevanda bütün məhkəmələrə giriş-çıxış bir neçə saatlıq bağlanıb. Etirazçılar səhər saatlarından Yerevanda məhkəmə binalarını mühasirəyə alıblar. Aksiyaçılar məhkəmə binalarından birinin pəncərələrini sındırararq hakimlərin binaya daxil olmasına imkan verməyiblər. Bir qrup aksiyaçı isə Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıb. Nikol Paşinyan ölkə rəhbərliyi ilə keçirdiyi iclasda çıxışı zamanı deyib ki, Ermənistanın məhkəmə sisteminə cərrahi müdaxilənin vaxtı çatıb. O, bildirib ki, istisnasız olaraq bütün hakimlər yoxlamalara cəlb olunmalıdır.
Ermənistan baş naziri yenidən ictimaiyyətə müraciət edərək bugünkü aksiya ilə öz məqsədinə çatdıqlarını vurğulayıb. Paşinyan əlavə edib ki, artıq Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlanıb və geriyə yol yoxdur. O, eks-prezident Köçəryanın azadlığa buraxılmasına görə hətta Konstitusiyada ciddi dəyişikliklərin olacağını da anons edib. Politoloqlar hesab edirlər ki proseslərin bu istiqamətdə inkişafı gözlənilməz deyil.
Ekspertlərin fikrincə, Ermənistanın əsas problemlərindən biri Azərbaycan torpaqlarının işğalı nətİcəsində düşdüyü mürəkkəb vəziyyətdir. Münaqişənin davam etməsi Ermənistanda dayanıqlı inkişafın təmin olunmasına imkan vermir ki, bu da nəticə etibarilə ölkədə davamlı sabitliyin qurulmasına mane olur.  
Paşinyan hökumətin iclasında bəzi siyasi qüvvələrin Ermənistan və Qarabağ erməniləri arasında nifaq salmaq istədiyini də deyib. Qeyd edib ki, həmin qüvvələr Azərbaycanla müharibənin yenidən alovlanmasında maraqlıdır və mümkün itkilərə görə məsuliyyəti hökumətin üzrəinə qoymağı planlaşdırır. Paşinyan bəyan edib ki, 2016-clı ilin aprel döyüşləri ilə bağlı parlament komissiyasının yaradılmasının vaxtı çatıb.

 


Create Account



Log In Your Account