Sep 11 2018 18:36
Views: 441

Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, ölkə MDB-də yoxsulluq göstəricisinə görə üçüncü yerdədir. Ölkədə yoxsulluq səviyyəsi  25 faizi ötüb. Daha dəqiq desək, hər 4 vətəndaşdan biri yoxsuldur. Bir çox təşkilatların hesabatlarında isə bu göstərici bir qədər də yüksək -  37 faizdən çox göstərilir. Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, Ermənistanda işsizlik səviyyəsi 20 faizə yaxındır. Lakin ekspertlər hökumətin real statistikanı gizlətdiyini, işsizliyin 32 faizi keçdiyini bildirir.
Ölkədən miqrasiya edənlərin əksəriyyətini gənclər təşkil edir. Ermənistanı çətin iqtisadi durumuna görə tərk edənlər əsasən Rusiyaya, bir qismi isə Avropa ölkələrinə üz tutur. 30 ildən artıq Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti davam etdirməsi Ermənistanı regiondakı beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayır. Böyük şirkətlər də Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistana investisiya yatırmaqdan çəkinir.
İqtisadçı ekspert Vüqar Bayramov CBC-yə müsahibəsində bildirib ki, Ermənistan regional layihələrdə iştirak etməklə həm tranzit haqqı olaraq, həm də bütövlükdə gəlir əldə etmək imkanı qazana bilərdi. Eyni zamanda, regional layihələr yalnız tranzit haqları və razılaşmalar əsasında gəlirləri vəd etmir. Bu layihələr ölkə iqtisadiyyatına  investisiya cəlb etmək baxımından vacibdir: «Azərbaycan tərəfinin də rəsmi açıqlaması ondan ibarət idi ki, Ermənistan işğal olunmuş əraziləri azad edərsə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunarsa o zaman Ermənistanın regional layihələrdə iştirakına baxıla bilər”.
BMT-nin beynəlxalq araşdırma qrupunun hazırladığı "Xoşbəxtlik haqqında ümumdünya hesabatı - 2018" adlı sənəddə də Ermənistan 129-cu sırada qərarlaşıb. Ötən illə müqayisədə 8 pillə geriləyib. Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiyanın səviyyəsi göstəriciləri əsasında aparılıb. İqtisadçı ekspertlər  Ermənistan iqtisadiyyatında artımın olmamasını ölkənin resurslarının məhdudluğu ilə əlaqələndirir. Onların sözlərinə görə, transmilli layihələrin həyata keçirilməsində Ermənistan da Gürcüstan kimi  böyük mənfəət əldə edə bilərdi. Bunun üçün coğrafi baxımdan Ermənistanın da şansları yüksək idi.
Ekspert Elşad Məmmədov deyir ki, transmilli layihələrdə, regional layihələrdə əgər Ermənistanın aqressiv xarici siyasəti olmasaydı, iştirakı tamamilə mümkün idi. Bu layihələrdən də Ermənistan ciddi şəkildə iqtisadi cəhətdən bəhrələnə bilərdi.
Bu gün Azərbaycan dayanıqlı siyasi mövqeyi və iqtisadi potensialı ilə regionun ümumi iqtisadi inkişafı istiqamətlərini müəyyən edən ölkə kimi qəbul olunur. Tranzit və  beynəlxalq kommunikasiya xətlərinin qovşağında yerləşməsi Azərbaycanı transmilli layihələrin, böyük logistika xətlərinin keçdiyi ölkəyə çevrib. Yeni neft-qaz layihələri də bir çox Avropa  dövlətlərini, eyni zamanda qonşu Rusiya, İran və Türkiyəni də Azərbaycanla sıx  iqtisadi əlaqələr qurmaqda maraqlı edib. Bütün dünyada Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılır. Ermənistan hakimiyyəti isə xalqını  yürütdüyü işğalçılıq siyasətininın qurbanına cevirməkdə davam edir.
İqtisadiyyatın strukturuna fikir versək, daha çox faydalı qazıntılar, yəni mis, metal, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri qanuni qızıl yataqlarının istismarı, bu təxminən iqtisadiyyatda 30 faizdir. Eyni zamanda  iqtisadiyyatının çox hissəsini kənd təsərrüfatı təşkil edən Ermənistan iqtisadiyyatı heç bir prespektiv vəd etmir.
“Forbes” jurnalının hesabatına görə "Dünyanın ən pis iqtisadiyyatları" olan ölkələri sırasında Ermənistan ikinci yerdə dayanır. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan Türkiyə və Azərbaycanla ticarət əlaqələri qura bilmir,  bir sıra mühüm layihələrdən kənarda qalıb. Münaqişənin həll edilməməsi Ermənistanda ciddi logistik və nəqliyyat problemlər yaradır. Digər problem isə ölkədən böyük həcmdə maliyyə kapitalının xaricə axınıdır. İqtisadçı ekspertlərin fikrincə Ermənistan  işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə, regionda iqtisadi baxımdan  ən geridə qalmış dövlət olaraq qalacaq.


Create Account



Log In Your Account