Aug 15 2018 14:07
Views: 553

Ermənistanda  hökm sürən siyasi gərginlik getdikcə daha da dərinləşir. Bir müddət öncə ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı çıxarılan həbs qərarının ləğv edilməsi vəziyyəti daha da dramatikləşdirib. Hakim partiya və tərəfdarları apelyasiya məhkəməsinin çıxardığı qərarı inqilabdan sonra müxalifətdə yer alan  Sarkisyan tərəfdarlarının təzyiqi altında verildiyini bildirib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu addımı qanun pozuntusu adlandıraraq tərəfdarlarını Nikol Paşinyanın avqustun 17-i planlaşdırdığı mitinqə qatılmağa çağırıb. Ekspertlər Ermənistanda hökm sürən siyasi xaosun ölkəni getdikcə daha da parçalayacağını və vətəndaş qarşıdurmasına gətirib çıxaracağını deyir. Onların fikrincə, Paşinyan hakimiyyəti hazırda Ermənistanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün addımlar atmaq əvəzinə siyasi arenada öz yerini məhkəmləndirməyə çalışır.

Siyasi analitiklər hazırda Ermənistan hakimiyyətinin  siyasi kursunda qonşularla dostluq və sülh münasibətinin qorunub saxlanması üçün  hansısa bir dəyişikliyin gözə çarpmadığını bildirir. Onların fikrincə, ölkə üçün əsas məsələ sayılan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa bir müsbət addım atılmayıb. Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən əl çəkmir. Belə olan halda Ermənistan izolyasiyada qalmaqda  davam edəcək. 

Bu barədə Milli Məclisin komitə sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında bildirib: “Ermənistanda gedən proseslər hələ onların özü üçün də aydın deyil. Onlar gərək özləri üçün bir şeyi anlasınlar, Ermənistanın gələcəyi, mövcudluğu, onun inkişafı regionda işğalçılıq siyasətindən əl çəkməsi ilə birbaşa bağlıdır. O da Azərbaycan torpaqlarından erməni işğalçı qüvvələrinin çıxardılması ilə birbaşa əlaqədardır”.

Azərbaycan dəfələrlə münaqişənin həll edilməsi üçün danışıqlara hazır olduğunu bəyan edib. Ermənistan isə sözdə regionda sülh və  sabitliyin  qorunub saxlanmasına, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara hazır olduğunu desə də, reallıqda Azərbaycanın 20 faiz torpaqlarını işğaldan azad etməkdən boyun qaçırır və mütəmadi olaraq cəbhəyanı bölgələrdə dinc əhalini atəşə tutur.

Siyasi analitiklərin fikrincə, Ermənistan  Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymadığı təqdirdə ölkədə iqtisadi və siyasi stabilliyin təmin edilməsi mümkün olmayacaq. Yalnız münaqişənin həlli ümumilikdə regionda sabitliyə və inkişafa gətirib çixaracaq.

 

 


Create Account



Log In Your Account