Jan 14 2019 18:18
Views: 635

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb. Parlamentin bu gün keçirilən ilk iclasında yeni spiker də seçilib. Ekspertlərsə hesab edir ki, Ermənistanın yeni hökuməti  ölkədə  mövcud olan iqtisadi-siyasi problemləri həll etmək gücündə deyil.

Ermənistanın yeni parlamentinin ilk toplantısı keçirilib. Qanunverici orqanın ilk iclasının gündəliyində 7 məsələ olub. Deputatlar ilk olaraq parlamentin sədrini seçib. Qanunverici orqana ”Mənim addımım” blokundan seçilmiş deputat Arara Mirzoyan sədrlik edəcək. Parlament üzvləri sədr müavinlərini və və daimi komissiyaların tərkibini də seçiblər. Müzakirə edilən məsələlərdən biri “Hökumətin strukturuna dəyişikliklər haqqında” qanun layihəsidir. Ekspertlər hesab edir ki, Paşinyanın əsas məqsədi ölkədə bütün hakimiyyəti ələ almaqdır.

“Bu o deməkdir ki, siyasi hakimiyyətlə kifayətlənmir, həm də iqtisadiyyata nəzarəti tamamilə ələ almaq istəyir, əmlakın yenidən bölüşdürülməsi başlayacaq. Bundan başqa, o, informasiya üzərində də hakimiyyəti ələ almağa çalışacaq. Güc strukturlarına nəzarəti ələ almağa çalışacaq. Çünki güc strukturları Paşinyana mənfi münasibət bəsləyir, burda onun müəyyən problemləri var”. 

Rusiya-Ermənistan münasibətləri haqqında danışan politoloq deyib ki, Paşinyan Qərblə münasibətlərə daha çox önəm verir. Sadəcə Rusiya ilə münasibətlərini saxlamağa çalışdığı görüntüsünü yaratdır.

“O əslində xırda münaqişələrlər Ermənistan cəmiyyətinin Rusiyaya münasibətini tədricən pisləşdirməyə çalışılacaq. O vaxt ki, Ermənistan əhalisinin 50 faizinin Rusiyaya münasibəti neqativ olacaq, o zaman Rusiya-Ermənistan münasibətlərinə həlledici zərbə vurulacaq. Paşinyan üzünü tamamilə Qərbə çevirəcək və anti-Rusiya siyasəti yürüdəcək”.

Rusiyalı ekspert Sergey Strokan isə hesab edir ki, Nikol Paşinyan xalqın etimadını doğrultmalıdır. Ölkədə vəziyyəti dəyişmək üçün qəti addımlar atmalıdır. Çünki xalqın ona inamı sürətlə azalır.

“Ötən ilin mayında küçə nümayişləri zamanı insanların Paşinyana göstərdiyi etimad krediti hələ ki, tam itməyib. Hesab edirəm ki, bu təyinatdan sonra onun hesabat zamanı başlayır. Bu gün Paşinyan sübut etməlidir ki, yalnız kütləni öz arxasınca aparan natiq deyil, həm də Ermənistanda anti-böhran tədbirləri görməyi bacaran yaxşı menecerdir”.

Baş nazir təyin olunan Nikol Paşinyan 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq. Bundan sonra yeni hökumətin proqramı 20 gün ərzində parlamentə təqdim olunacaq.

Ermənistan parlamenti 132 deputatdan ibarətdir. “Mənim addımım” bloku 88, “Çiçəklənən Ermənistan” partiyası 26, “İşıqlı Ermənistan” isə 18 deputatla parlamentdə təmsil olunur.

 


Create Account



Log In Your Account