Oct 18 2018 18:22
Views: 328

Ermənistanın Azərbaycanın işğal olunmuş rayonlarında planladığı istənilən infrastruktur layihəsi silahlı işğalın davamı siyasətidir.  Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması və Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsini şərh edən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bu fikirdədir. Bunu növbəti təxribat cəhdi kimi qiymətləndirən deputatın sözlərinə görə, Ermənistan bu addımı ilə bölgədə təcavüzkarlıq siyasəti davam etdirdiyini göstərmiş oldu.  
Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir. “Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir”, deyə bəyanatda bildirilir. Qeyd olunur ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır.
Ekspertlər hesab edir ki, Ermənistanda siyasi böhran hökm sürdüyündən hakimiyyət Dağlıq Qarabağın işğal olunmuş rayonlarında müəyyən layihələrə başlayacağının anonsunu verməklə guya əhalinin şəraitinin yaxşılaşdırmaqda və bölgəyə insan resurslarının cəlb etməyə maraqlı olduğunu nümayiş etdirmək istəyir. Əslində isə bu ölkənin iqtisadi resurslarının məhdud olduğu hər kəsə bəllidir və belə olan halda hansısa investisiya layihəsinin cazibədarlığını söhbət gedə bilməz.  
“Kəlbəcərin özü 2 min kv.metrə qədər ərazidir. Oranı abad etmək üçün minimum 50 min insan yaşamalıdır. 3,5,7 kəndi abad etməklə hansısa beynəlxalq maliyyə yardımları ilə ayağa qaldırmaq hələ bütövlükdə kəlbəcərdə həyat nişanəsi oyatmaq deyil. Bunu birdəfəlik başa düşmək lazımdır. Erməni xalqı elə bu münaqişə səbəbindən demokrafik cəhətdən ölümə məhkum edilmişdir”.
Millət vəkili bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi həm də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir.


Create Account



Log In Your Account