Aug 11 2018 14:47
Views: 463

“Bu, tamamilə başqa bir situasiyadır və biz buna öyrəşməliyik. Eyni zamanda, rusiyalı həmkarlarımıza da bu cür yanaşmağı məsləhət görərdim”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan, bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Paşinyanın keçmiş siyasi rəqiblərini təqib etməsini dayandırmaq çağırışına cavabında deyib. Bununla da Paşinyan növbəti dəfə  Rusiya hökumətini Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb.

Siyasi analitiklər hesab edir ki, son zamanlar baş nazir Nikol Paşinyanın idarəçiliyində olan Ermənistan hökumətinin, Qərblə daha sıx münasibət qurmaqla ikili oyun nümayiş etdirməsi və Rusiyanın Ermənistanda gedən siyasi proseslərə dair səsləndirdiyi tənqidi fikirlərinə məhəl qoymaması, Putin administrasiyasını Ermənistanla münasibətlərə yenidən baxmağa vadar edə bilər.

Politoloq Aydın Mirzəzadə  CBC-yə müsahibəsində bildirib ki, Rusiyanın Ermınistan məsələsində yeni baxışlarına ehtiyac var: “İndiyədək həm Köçəryan, həm də Sarkisyan rejimi Rusiyanın dəstəyi nəticəsində ölkəni idarə edə bilirdi. Ancaq bununla belə, hər iki prezident Rusiyanın imkanlarından istifadə etməklə yanaşı, Avropa ilə də yaxşı münasibətlər qurmağa  və ikili oyun oynamağa çalırşırdılar. Paşinyan isə birmənalı şəkildə Qərb yönümlü siyasət yeridir”.

Artıq Rusiya KİV-lərində Ermənistanın yürütdüyü  ikili siyasətlə bağlı narazılıq doğuran məqalələr dərc olunmaqdadır. Siyasi,  iqtisadi  və hərbi cəhətdən  daim Rusiyadan  asılı olan Ermənistana edilən maliyyə yardımlarının, ayrılan aşağı faizli kreditlərin dayandırılmasına çağırışlar edilir. Bu ölkəyə silah və hərbi texnikanın təmannasız verilməsi deyil,satılması, dünya arenasında  Ermənistana göstərilən dəstəyin  azaldılması müzakirəyə çıxarılır. Ekspertlər hesab edir ki, Rusiya Ermənistana qarşı  iqtisadi və siyasi baxımdan təzyiq etsə, göstərilən yardımları dayandırsa, bu, Ermənistan üçün acınacaqlı sonluqla nəticələnəcək.

Ekspertlərin fikrincə, Paşinyanın  Qərblə Rusiya arasında ikili oyun oynaması, Rusiyanın maraqlarına qarşı çıxması, regionda real nüfuz sahibi olan Rusiyaya  arxa çevirmək cəhdləri  Ermənistan üçün ağır nəticələnə bilər.

 


Create Account



Log In Your Account