Jun 28 2019 19:06
Views: 543

Ermənistan Suriyadan qaçan erməniləri işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə zərbə vurur. Bunu Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva deyib. O, “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər" adlı qətnamə layihəsinin müzakirəsi zamanı diqqəti rəsmi Yerevanın bu qanunsuz əməllərinə çəkib. Millət vəkili Suriyada humanitar böhran yaşandığını vurğulamaqla yanaşı, Ermənistanın bu faciədən çirkin siyasi oyun üçün istifadə etməsini tənqid edib.
Millət vəkili AŞPA-ya, Avropa təşkilatları və ölkələrinə müraciət edərək Ermənistana təzyiq etməyə çağırıb. 
Xatırladaq ki, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasında Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib. 
Tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanatı avropalı parlamentarilər imzalayıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində yayılıb. Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.

 


Create Account



Log In Your Account