Apr 03 2019 14:16
Views: 389

Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında Vyanada keçirilən ilk rəsmi görüşdən sonra rəsmi Yerevanın səsləndirdiyi bəyanatlar danışıqlar prosesinin perspektivlərini şübhə altına alır. Ekspertlər hesab edirlər ki, Ermənistanın müdafiə nazirinin “yeni müharibə və yeni ərazilərin işğalı” fikri və baş nazir Nikol Paşinyanın bu bəyanatı dəstəklədiyini bildirməsi işğalçı ritorikanın davam etdiyini göstərir. Bu, daha çox Ermənistanın özünə ziyan gətirə bilər.

Ekspertlərin fikrincə, Ermənistanın müdafiə naziri David Tonoyanın irəli sürdüyü “yeni ərazilər tutmaq üçün yeni müharibə” tezisi rəsmi Yerevanın ənənəvi işğalçılıq siyasətini dəyişmədiyini göstərir. Baş nazir Nikol Paşinyanın “əgər Tonoyan başqa məzmunda bəyanat versəydi, onu vəzifəsindən azad edərdim”  deməsi isə  Ermənistanın real sülhə hazır olmadığını təsdiq edir. Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, bu cür açıqlamalar Vyana görüşünün nəticələrinə dair birgə bəyanatla uyğun gəlmir.

Ekspertlərin fikrincə ,Ermənistanın müdafiə naziri “yeni ərazilər tutmaq üçün yeni müharibə” ilə hədələməzdən öncə 2016-cı ilin aprel döyüşlərinin nəticələrini xatırlamalıdır. Politoloq Rasim Musabəyov hesab edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan bəyanatlara deyil, real addımar atmağa üstünlük verir. Çünki ölkənin iqtisadi potensialı, səfərbərlik resursları və hərbi gücü Ermənistandan dəfələrlə artıqdır.

Xarici ekspertlər də hesab edirlər ki, bu bəyanatlar yalnız Ermənistan auditoriyasına hesablanmış populist şüarlardan ibarətdir. Belarusdan olan hərbi siyasi ekspert Aleksandr Tıxanskinin fikrincə, reallıqda Ermənistanın Azərbaycanla qısamüddətli müharibəyə belə davam gətirmək gücü yoxdur.

Ekspertlər hesab edir ki, bu cür əsassız bəyanatlar verməklə Ermənistan hökuməti həm danışıqlar prosesində, həm də beynəlxalq müstəvidə özü üçün əlavə problemlər yaradır. Bu, rəsmi Yerevanın münaqişənin həlli prosesi ilə bağlı hələ də dəqiq konsepsiyaya və aydın təsəvvürə malik olmadığını göstərir.

 


Create Account



Log In Your Account