Apr 26 2018 13:59
Views: 1085

32 il əvvəl Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında tarixin ən böyük texnogen qəzası baş verib. 1986-cı il aprelin 26-da stansiyanın 4 saylı reaktorunda partlayış olub. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan ölüb. İllər ötdükcə bu rəqəm 100 mini keçib.
Stansiyanın partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib. Bunlardan biri də Xələf Həsrətovdur.  Deyir, bu, onun özünün seçimi olmayıb. Ehtiyatda olan hərbçi kimi Çernobıla göndərildiyini son anda anlayıb. 3 həftə reaktorun üzərində işlədiyini deyən Xələf Həstərov o günləri ağrı və acı ilə xatırlayır.  
Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparılıb, 700 minədək sovet insanı orada işləyib. O zaman Azərbaycan SSRİ-nin Daxili İşlər Nazirliyində çalışan Fərhad Qasımov Kiyevə ixtisasartırma kurslarında iştirak etmək üçün yollansa da, Çernobılda baş verən faciədən dərhal sonra hadisə yerinə ezam edilib. 350 nəfərlik heyətlə ölü şəhərə yollanan Fərhad Qasımov deyir ki, on minlərlə əhalisi olan şəhər 3 saatın içərisində boşaldılıb.  Onun sözlərinə görə, insanlar şüalanmanın nə olduğunu anlamayıblar.
Ukraynalı Vladimir Kobçik partlayış baş verəndən bir saat sonra hadisə yerinə gələn ilk şahidlərdəndir. 
Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında iştirak etmiş 2 mindən çox azərbaycanlı indi həyatda yoxdur. Ən son məlumata görə, ölkədə indi Çernobılda fəaliyyət göstərmiş 4594 nəfər yaşayır. Onların 2864-ü Çernobılda hərbi xidmət keçərək əlillik dərəcəsi alanlardır. 
1993-cü ildə Azərbaycanda "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanun qəbul olunub. 2014-cü ildən isə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.


Create Account



Log In Your Account