Oct 19 2019 15:12
Views: 337

Nərminə Qarayevanın eşitmə və nitq qabiliyyəti məhduddur. Ən böyük arzusu saç ustası olmaqdır. Nərminə bu peşənin sirlərini öyrənmək üçün Respublika Əlillərin Bərpa Mərkəzində müvafiq kurslarda iştrak edir. Nərminə mənim hansı saç düzümü istədiyimi dərhal anlasa da, dialoq qurmaq üçün surdotərcüməçinin köməyinə ehtiyacımız oldu.

 

Azərbaycanda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dilinin  ünsiyyət dili kimi rəsmi şəkildə tanınacağı xəbəri Nərminəni çox sevindirib. Çünki bu birbaşa onun həyat keyfiyyətinə təsir edəcək. Bundan sonra sosiallaşmaq, informasiya almaq asan olacaq, müxtəlif strukturlara müraciət edərkən sifarişli surdotərçüməçi üçün uyğun vaxtı gözləmək lazım olmayacaq.

 

Əslində surdotərcüməçi sukut aləmindən səsli dünyaya yolu işıqlandırır. Nərminə ilə mənim aramda dialoqu mümkün edən Sevgiyə Qasımova hesab edir ki, ölkədə dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda jest dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması çox müsbət haldır. Amma eyni zamanda surdotərcüməçilərin sayının artırılması zəruridir.

 

Mütəxəssislər hesab edir ki, jest dilinin öyrənilməsi İnglis dilinin öyrənilməsindən də asandır. 6 ay müddətində jest dilini öyrənmək mümkündür. ABŞ-da təhsil müəssisələrində jest dilini ikinci dil kimi seçmək olar. Jest dili öz linqvistikası, qrammatikası və strukturu olan tamhüquqlu dil sayılır. Maraqlıdır ki, jest dili ölkələrə görə fərqlənir. Bundan başqa eyni jest sinə üzərində göstərilərsə fərqli, alın üzərində göstərilərsə başqa mənaya gəlir, burada mimikanın da rolu az deyil.

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna planlaşdırılan dəyişikliklər qəbul olunsa, Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Lakin eşitmə və nitq qüsurlu insanların səsini eşitmək çətin deyil. İstər İOS, istərsə də android istifadəçilərin jest dilini öyrənməsi üçün xüsusi mobil əlavə də yaradılıb. “Spread the Sign” tətbiqi vasitəsilə jest dilini istənilən istifadəçi evdə öyrənə bilər.

 

 


Create Account



Log In Your Account