Apr 18 2018 14:54
Views: 594

Yerevanda sabiq prezident Serj Sarqsyanın baş naziri təyin edilməsinə qarşı etirazlar davam etdirilir. Müxalifət nümayəndələri dövlət orqanlarının işini iflic etməyə çağırırlar. Müxalifət lideri Nikol Paşinyan və onlarla tərəfdarı Yerevanın mərkəzində parlament binasının olduğu Baqramyan prospektinə çıxışı olan Fransa Meydanında qərar tutub. Üstəlik, onlar baş nazirin Baqramyan prospektindəki iqamətgahını mühasirəyə alıblar.
Ermənistan polisinin mətbuat katibliyindən bildirilib ki, Yerevanda Baqramyan prospekti istisna olmaqla, dünən etirazçıların bağladığı bütün yollarda hərəkət tam bərpa olunub. Qeyd edək ki, dünən Ermənistan parlamenti səs çoxluğu ilə Sarqsyanı hökumət başçısı seçib. Ölkənin yeni prezidenti Armen Sarkisyan onun baş nazir təyin edilməsi barədə fərman imzalayıb.
Ermənistanda müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, parlamentinin deputatı Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib. O, bildirib ki, bu komitə hərəkata rəhbərlik edəcək və onu qələbə sonluğunadək çatdıracaq. “Bütün regionlarda dövlət müəssisələrinin blokadası üçün inqilab komitələri yaradılacaq və çox tezliklə bu müəssisələr, o cümlədən polis inqilab komitələrinin əmrlərini yerinə yetirəcək”, - deyə Paşinyan mitinqdə bildirib. O, həmçinin deyib ki, dövlət orqanlarının blokadası çərşənbə günü başlayacaq. Qeyd edək ki, Serj Sarqyanın baş nazir təyinatı Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunub. Aprelin 13-dən Yerevanda kütləvi itaətsizlik aksıiyaları keçirilir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.


Create Account



Log In Your Account