May 16 2019 18:59
Views: 181

Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Milli Məclis rəhbərliyi ilə görüş zamanı spiker Oqtay Əsədov Azərbaycan və Çexiya arasında hər sahədə yüksək səviyyəli münasibətlərin mövcud olduğunu bildirdi. Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün Çexiya parlamentinə təşəkkürünü bildirdi.

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. “Ərazi itirməyin nə olduğunu bilən ölkə kimi biz bu məsələyə həssas yanaşırıq və Dağlıq Qarabağ münaqişəsinin sülh yoli ilə həlli üçün əlimizdən gələni edəcəyik” deyən Radek Vondraçek ölkələr arasında iqtisadi əlaqələrin inkişafına ehtiyac olduğunu da qeyd etdi. Hazırda Azərbaycan 26 Çex investisiyalı şirkətinin fəaliyyət göstərdiyini bildirən spiker çex biznesmenlərinin Azərbaycana investisiya qoymaqda maraqlı olduqlarını söylədi.

Bu məsələ bu gün keçirilən Azərbaycan-Çexiya biznes forumunda da müzakirə mövzusu olub. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Çexiyanın Cənubi Qafqazdakı investisiya qoyuluşlarının 88 faizi Azərbaycanın payına düşür. Ötən il Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 57 faiz artaraq 1 milyard ABŞ dollarını ötüb.

Qeyd olunub ki, Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 milyard dollarlıq layihələrdə iştirak ediblər. Bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 30-dan çox sənəd imzalanıb. Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin 1/3-i Azərbaycandan idxal edilir. Çexiya tərəfi də Azərbaycanda müxtəlif sahələri əhatə edən şirkətlər və birgə müəssisələr yaratmaq niyyətindədir.


Create Account



Log In Your Account