Jan 22 2019 18:32
Views: 317

2018-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki illə müqayisədə 4,6 faiz artıb. Ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun prioritet sahələrindəndir.

Qeyd edilib ki, Tərəfdaşlıq Proqramı sayəsində Azərbaycanla FAO arasında əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyub. Azərbaycan yalnız benefisiar kimi deyil, donor ölkə kimi də layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bu layihələrə gənclər də cəlb olunub.

1995-2018-ci illərdə Azərbaycanda FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib. Hazırda 6 layihənin icrası davam etdirilir. 4 layihənin icrasına isə yaxın zamanlarda başlanılacaq. Mübadilə proqramları çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri beynəlxalq təcrübə keçəcəklər.

Tərəfdaşlıq Proqramının həyata keçirdiyi layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması və digər sahələrin inkişafına xidmət edir.


Create Account



Log In Your Account