Oct 10 2018 16:17
Views: 263

Beynəlxalq Şahmat Federasiyasında köklü dəyişiklik edəcəyik. Bunu Beynəlxalq Şahmat Federasiyasına vitse-prezident seçilən Azərbaycanın Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov CBC-yə müsahibəsində dedi. Bildirdi ki, bu istiqamətdə artıq işlərə başlanılıb. Dəyişiklik “FİDE şahmatçılar üçün” şüarı altında həyata keçiriləcək.
“Biz, FİDE ilə Milli Federasiyanın şahmatçıları münasibətlərini kökündən dəyişmək istəyirik. Əvvəllər FİDE Milli Federasiyaların hesabına mövcud idi. Onların verdiyi üzvlük haqları, şahmatçıların verdiyi ödənişlər hesabına yaşayırdı. Biz isə bu prosesi dəyişmək istəyirik, şahmata korporativ sponsonlar gətirmək istəyirik. “Şahmatçılar FİDE üçün yox, FİDE şahmatçılar üçün” kimi şüarla çıxış etdik”. 
Azərbaycan təmsilçilərinin beynəlxalq təşkilatlarda yüksək vəzifəyə seçilməsi ölkəmizə olan diqqət və inamın göstəricisidir. Mahir Məmmədov da öz növbəsində ona göstərilən etimadı doğruldacağını deyir.
“Mənim Beynəlxalq Şahmat Federasiyasına vitse-prezident seçilməyim Azərbaycan şahmatının dünya şahmat xəritəsində olan nüfuzunun təzahürüdür. Bu vəzifədə mən çalışacam ki, Şahmat Federasiyasının qurumlarında, müxtəlif qurumlarında, komitələrində, komissiyalarında Azərbaycan şahmatının nümayəndələri daha dolğun, daha çox sayda təmsil olunsunlar”.
Mahir Məmmədov seçkilərin gərgin keçdiyini bildirir. Seçkilərdə üç namizəd iştirak edib və hər namizəd beş nəfərdən ibarət komanda ilə mübarizə aparıb. Mahir Məmmədov isə FİDE-yə prezident seçilən Arkadiy Dvorkoviçin komandasında olub.
“Seçki prosesi çox gərgin keçdi. Biz favorit deyildik. Biz seçki prosesinə çox gec qatıldıq. Qısa bir dövr ərzində Dvorkoviç 28 ölkəni gəzdi. Təkcə Cənubi Amerika və Afrika qitələrində 3 dəfə səfər etməli oldu. Olimpiada günlərində də gərgin mübarizə oldu seçki prosesində. Bu mübarizə şahmatın gələcəyinə olan münasibətin, şahmatın gələcəyinə olan  dünya görüşünün və s. toqquşması demək idi”.
Mahir Məmmədovun Beynəlxalq Şahmat Federasiyasında yüksək posta seçilməsini dövlət başçısı da yüksək qiymətləndirib. Prezident İlham Əliyev vitse-prezident seçilməsi münasibəti ilə ona təbrik məktubu göndərib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuna görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu mənim üçün böyük fəxrdir və gələcəkdə bu mənim üçün daha böyük məsuliyyət deməkdir”.


Create Account



Log In Your Account