Jul 19 2019 19:00
Views: 178

Bu gün gecəyarısından etibarən şəhərin bəzi küçə və prospektləri ilə nəqliyyatın hərəkətində məhdudlaşdırma tətbiq olunacaq. Bu, Bakıda Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə əlaqədardır. Belə ki, sabahdan etibarən iyulun 29-dək ictimai nəqliyyat və fərdi avtomobillər üçün sarı zolaqlar üzrə hərəkət qadağan edilir. Bu məhdudlaşdırma Ziya  Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, Moskva, Tbilisi prospektlərini və digər küçələri əhatə edəcək. Qadağanın tətbiq edildiyi küçələrin adları ilə Dövlət Yol Polisi İdarəsinin saytından tanış olmaq mümkündür. Küçə və prospektlərə çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Festivalın keçirildiyi müddətdə yol polisi yarışların təşkil olunduğu ərazilərdə nəzarəti də artıracaq. Səhiyyə Nazirliyindən CBC-yə verilən məlumata görə, festival çərçivəsində keçirilən tədbir və yarışların keçiriləcəyi ərazilərin yaxınlığında 41 təcili yardım briqadası işləyəcək.

Daxili İşlər Nazirliyi də ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə festival müddətində gücləndirilmiş iş rejimində çalışacaq. "Bakı Metropoliteni" isə festival zamanı ehtiyat qatarları xəttə buraxmağa hazırdır. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda əlavə işçi personalın ayrılması planlaşdırılıb. Festivalın açılış və bağlanış mərasimləri üçün də fəaliyyət planı hazırlanıb.

Qeyd edək ki, iyulun 21-dən 27-dək Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Ümumilikdə 135 dəst medal oynanılacaq.


Create Account



Log In Your Account