Jan 09 2019 18:14
Views: 1331

Yanvarın 3-cü ongünlüyündə pensiyaların neçə faiz artacağı məlum olacaq. Artım üçün 2018-ci il üzrə ölkədə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürüləcək. Pensiyalar bu göstəriciyə uyğun olaraq artacaq.

Ümumilikdə ölkə üzrə 1,3 milyon pensiyaçının 94%-i fevral ayından pensiyalarını artımla alacaq. Bu haqda CBC-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev məlumat verib. Onun sözlərinə görə, pensiyaların sığorta hissəsi və sığorta olunanların fərdi hesablarında qeydə alınan pensiya kapitalları müvafiq olaraq indeksləşdiriləcək və pensiyaçılara artırılmış pensiyalar təqdim ediləcək.

2019-cu ildən pensiya təyinatının  avtomatlaşdırılması da pensiya məbləğinin artmasına imkan verir. Belə ki, 2006-cı ilə qədər pensiyaya çıxanlara avtomatik olaraq 25 il sosial sığorta stajı hesablanacaq. Bu isə minimum pensiya məbləğinin 122 manata qədər artması deməkdir. Digər tərəfdən əvvəllər yaşa görə 73 manat sosial müavinət alan şəxslərin də pensiyaları  artırılacaq. 

“Bu iki göstərici arasında fərq 49 manat mütləq rəqəmlə ifadə olunur. Hesablamalar göstərir ki, o kateqoriyadan əmək pensiyaçı sisteminə daxil olan şəxslərin əmək pensiyaları orta hesabla 48% artacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, yerdə qalan 6% pensiyaçı - dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digərlərinin pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçiriləcək.

 

Xatırladaq ki, 2017-ci ildə orta ayıq əmək haqqının illik artım tempi 5,7% müəyyənləşdirilmişdi. Bu göstəriciyə uyğun olaraq 2018-ci ilin yanvar ayından əmək pensiyaları 5,7 faiz artırılmışdı. Məsələn, 300 manat pensiya alan şəxs artımla 317 manat 10 qəpik pensiya almışdı.  

 


Create Account



Log In Your Account