Apr 29 2019 14:49
Views: 319

Formula 1 üzrə SOCAR Azərbaycan qran prisinin açılış mərasimi bu dəfə də maraqlı məqamlarla yadda qalıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi açılış mərasimində  əvvəlcə Azərbaycanın dövlət himni səslənib. Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında, muğam və klassik üslublarda ifa olunub.

Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət əsas yarışı başlayıb. Gərgin mübarizənin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurdu. Onun komanda yoldaşı, ötənilki Bakı Qran-Prisinin qalibi Luis Hamilton ikinci olub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.

Qran-Prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. Dövlət başçısı Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

İkinci yerin sahibi, “Mercedes”in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir.


Create Account



Log In Your Account