Jun 05 2019 18:56
Views: 357

Fransanın Serji-Pontuaz inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni “saziş”in ləğvinə dair qərar verib. Xarici İşlər Nazirliyi bu məhkəmə qərarını alqışlayır. Bu haqda CBC-yə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Bundan əvvəl də Fransa şəhərlərinin işğal altında olan Azərbaycan şəhərləri ilə qardaşlaşmaq cəhdləri olub. Azərbaycan dövləti dəfələrlə rəsmi Paris qarşısında separatçı rejimin işğalı legitimləşdirmək məqsədinə xidmət edən bu məsələni qaldırıb. Azərbaycanın I vitse prezidenti Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə də məsələni müzakirə etmiş və belə halların yolverilməzliyini diqqətə çatdırmışdı. Eləcə də, bu ilin fevralında erməni diasporunun nümayəndləri ilə görüş zamanı Prezident Emmanuil Makron bu tipli xartiyaların imzalanmasının Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirmişdi.

Bu qərarın verilməsi Azərbaycanın dövlət səviyəsində apardığı işin və  hücumedici diplomatiyasının nəticəsidir. Həm də erməni lobbisi də bundan nəticə çıxarmalıdır.

Bu qanunsuz  “saziş”in ləğvi bir daha sübut edir ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur. Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasətin etirazla qarşılanması artıq onun əsl simasının dünyaya bəlli olmasına dəlalət edir.


Create Account



Log In Your Account