Aug 02 2019 19:26
Views: 356

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparan alimlər üçün təlimlər təşkil etməyi planlaşdırır. Bu barədə Mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev qurumun fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. bildirib ki, əsas məqsədlərdən biri münaqişə ilə bağlı elmi araşdırmaların qərb standartlarına uyğun olmasıdır. Amma təəssüf ki, indi vəziyyət o qədər ürəkaçan deyil.

Məhz buna görə, Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri münaqişə ilə bağlı tədqiqatlara dəstək verməkdir. Bu məqsədlə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi xarici tərəfdaşlarla əməkdaşlıq edəcək. artıq xarici tərəfdaşlarla bir neçə memorandum imzalanıb. Fərid Şəfiyev qeyd edib ki, ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var və Mərkəzdə ermənişünaslıq bölməsinin açılması planlaşdırılır.

Mətbuat konfransında həmçinin Mərkəzin yeni loqosu - "AİR Center" təqdim olunub. Bildirilib ki, Mərkəz loqoda qeyd olunan "AİR Center" adı ilə dünyada tanınmağı hədəfləyir. Tezliklə Mərkəzin saytı fəaliyyətə başlayacaq. Qurumun planları sırasında əcnəbi tədqiqatçılar üçün təqaüdlərin ayrılması, eləcə də həm yerli, həm əcnəbi gənclərə təcrübə keçmək imkanının yaradılması, könüllülərin cəlb edilməsi var. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu il fevralın 6-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.


Create Account



Log In Your Account