Jul 11 2019 17:35
Views: 308

“Mən neft tapmışam. Bax belə”. 1961-ci ildə azərbaycanlı geoloq Fərman Salmanovun SSRİ rəhbəri Xruşova göndərdiyi məktubda əks olunmuş bu iki cümlə Rusiyanın tarixində yeni bir səhifənin başladığını ifadə edirdi. Fərman Salmanovun adı  sonralar tarixə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim kimi düşəcəkdi. O, Kuzbasa neft-qaz yataqlarına kəşfiyyata göndəriləndə qərara gəlir ki, orada heç bir neft-qaz potensialı yoxdur, buna görə də sovet rəsmilərindən icazə almadan könüllülərlə Sibirin Surqut bölgəsinə üz tutur. O vaxtlar Sibir perspektivsiz ərazi sayılırdı.Lakin azərbaycanlı alim 1961-ci il martın 21-də Megion yatağını kəşf edir və orada qazılan ilk kəşfiyyat quyusu fontan vurur. Geologiya Nazirliyindəki əleyhdarları neft fontanının tezliklə tükənəcəyini deyirlər. O, Üst-Balıqda II neft-qaz yığımını kəşf edir. Bir müddət sonra Sibir ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.
Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib.  100-dən artıq nəhəng neft-qaz yatağı kəşf edib və ya bəzilərinin kəşfində iştirakçı olub. Lakin ona nüfuz gətirən yalnız yüksək peşəkarlığı deyildi. Fərman Salmanov həm də insani keyfiyyətləri ilə bütöpv bir şəxsiyyət idi.
Doğma vətənində -Azərbaycanda Fərman  Salmanovun xatirəsi həmişə ehtiramla yad edilir. Bu günlərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib. Bu barədə Przident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.

 


Create Account



Log In Your Account