Sep 28 2019 17:00
Views: 483

Gənc rəssam Lalə nə eşidir, nə də ki, danışır. Amma çəkdiyi əsərlərdə təbiətin, quşların, rəqslərin səsini, güllərin isə ətrini duyduğunu deyir. Eşitmə və danışma əngəlli dünyaya göz açan Lalə, hələ balaca ikən rəsmə həvəs göstərib. Daha çox peyzaj və gülləri çəkməyi sevən gənc rəssam, Azərbaycan Dövlət Pedaqoji Kollecinin 4-cü kurs tələbəsidir. Deyir ki, rəsm çəkərkən daha əvvəlki əl işlərini, bəzən həyatını düşünür, bəzən isə gələcək haqda planlar qurur.
Uşaqlıqdan müxtəlif rəsm sərgilərində iştirak edən Lalənin ən böyük arzusu fərdi sərgisini təşkil etməkdir.
Sələmə Hənifəyeva da eşitmə əngəlli dünyaya gəlib. 25 yaşlı Sələmə xalçaçılıq sənətinə yiyələnib. Xalça toxuyarkən ruhunun dincəldiyini deyir. Sələmə ən çox həndəsi fiqurlarla xalça toxumağa üstünlük verir.
23 ildir ki, xalçaçılıq sənətinin incəliklərini tələbələrinə öyrədən xalçaçı rəssam Adil Məmmədovun təcrübəsində də eşidə və danışa bilməyən tələbələr olub. O, uzun müddətdir ki, fiziki məhdudiyyətli insanlarla çalışır.
30 ilə yaxındır ki, eşitmə əngəlli gənclərlə çalışan tərcüməçi Sevgiyyə Qasımova deyir ki, bu cür uşaqları digərlərindən fərqləndirən cəhət onların istənilən sənətə daha tez yiyələnməsidir.
Azərbaycanda eşitmə qüsuru olan insanlar 3 il müddətinə bir dəst eşitmə cihazları ilə təmin olunurlar.
Bu gün Azərbaycanda fiziki əngəlli insanların məşğulluğunun artırılması, onların işlə təmin olunması, eləcə də hər hansı sənətə yiyələnməsi isitiqamətində mühüm işlər görülür. Ölkədə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Burada gənclər xalçaçılıq, tikiş, montaj, saç ustalığı, rəssamlıq, agac üzərində oyma və sair peşələrə yiyələnirlər.


Create Account



Log In Your Account