Aug 05 2019 18:24
Views: 224

Bu gün səhər saatlarından Bakıda əsən güclü şimal-qərb küləyi sabah tədricən mülayimləşəcək. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bildirilib ki, qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkəyə daxil olması nəticəsində müşahidə edilən güclü küləyin maksimal sürəti saniyədə 20-25 metr olub. Abşeron yarımadasının bəzi ərazilərində isə 30-35 metrə çatıb.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi avqustun 6-da gündüz tədricən mülayimləşəcək. Dəniz suyunun temperaturu 23-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da bu gün güclənən şimal-qərb küləyi sabahdan etibarən zəifləyəcək.

Bu gün səhər saatlarından növbəti geomaqnit qasırğası da başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, günəş fəallığı çox aşağı səviyyədə olub.

İki gün davam edəcək maqnit qasırğası Azərbaycanda nisbətən zəif hiss olunsa da, bəzi insanların səhhətinə mənfi təsir göstərə bilər. Xüsusilə də, xroniki ürək-damar, ikinci qrup şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlərin diqqətli olmaları tövsiyyə edilir.  


Create Account



Log In Your Account