Jul 27 2019 15:10
Views: 384

Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib. İlk dəfə keçirilən Festival Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə təşkil olunub.  Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr qatılıb. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Festivalın təşkilində əsas məqsədin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu deyib. Tədbirə qatılan  Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iştirakçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayaraq bildirb ki, Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına güclü dəstəyin olduğunu göstərir.
Kənd Təsərrüfatı naziri İnam Kərimov festivalın önəmindən danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən xəbər verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban, dinc yanaşı yaşadığını diqqətə çatdırıb. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Milli Yaylaq Festivalının qədim ənənələrin qorunub saxlanmasında rolundan, iki qardaş ölkənin öz mədəniyyətlərini dünyada təıbliğ etməsinin əhəmiyyətindən danışıb.
Festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir. Mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları, yaylaq kulinariya nümunələri  təqdim edilir. Milli yaylaq oyunları hissəsində yorğa at yarışları, nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir, Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunub. Eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb. Festivala yerli və xarici turistlər də böyük maraq göstərir.
İyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriir. Festivalın təşkilinə  Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyası rəsmi dəstək veirir.


Create Account



Log In Your Account