Mar 16 2019 16:32
Views: 304

Azərbaycan ordusu genişmiqyaslı təlimlər zamanı qarşıya qoyulan bütün məqsədlərə nail olub. Bütün birləşmələr döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər. Martın 11-dən 15-nə qədər keçirilən Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərinin yekunlarını mütəxəssislər belə qiymətləndirir. Hərbi manevrlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Hərbi təlimlər zamanı bölmələrin döyüş hazırlığı yüksək səviyyəyə qaldırılıb.
Genişmiqyaslı təlimlər zamanı əsas diqqət yetirilən məqamlardan biri müasir silah və hərbi texnikadan istifadə etməklə taktiki tapşırıqların yerinə yetirilməsi olub.  Azərbaycan hərbçiləri sübut edib ki, ordumuz nəinki ən müasir silah və hərbi texnikaya sahibdir, eyni zamanda bu silah-sursatı dəqiqliklə tətbiq edə bilir.  Təlimlər zamanı ordumuz işğal altındakı ərazilərin azad edilməsi ssenarisini də məşq edib.
Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin yekunları barədə danışan müdafiə naziri Zakir Həsənov da qarşıya qoyulan vəzifələrin tam həcmdə icra olunduğunu bildirib. Onun sözlərinə görə, plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər. Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.


Create Account



Log In Your Account