Sep 18 2017 18:42
Views: 1323

Erməni tapdağında olan Azərbaycan torpaqlarında yüzlərlə maddi-mədəniyyət nümunələri, tarixi abidələr məhv edilib. Erməni işğalçıları Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün və xan qızı Natəvanın büstlərini güllələyiblər. Mənfur düşmənin cansız heykəllərə də güllə atması bütün dünyada nadir rast gəlinən vandalizm nümunəsi kimi qəbul edilir. Azərbaycan bu güllələnmiş heykəlləri sonradan beynəlxalq təşkilatların köməyi ilə ermənilərdən ala bilib və Bakıya gətirib. Hazırda bu heykəllər Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılır. Hər il 18 sentyabr – Milli Musiqi Günündə “Güllələnmiş heykəllər” abidəsinin  ziyarət olunması artıq ənənə halını alıb.
Musiqiçi Tərlan Şahbazinin sözlərinə görə, Şuşada olan abidələri güllələyib, xəsarət yetirmək vandalizmdən də artıq bir əməldır: “Ermənilər artıq insaniyyətlərini itiriblər və heykəllərə, abidələrə əl atırlar. Bizim alətlərimizə əl atırlar, qədim abidələrimizi yerlə-yeksan edirlər. Dünya da buna susur. Amma onlar bizi sındıra bilməyiblər və bilməyəcəklər də. Bizim sənətimiz əbədi yaşayıb-yaşayacaq. Üzeyir bəyin musiqisi bütün dünyada səslənib və səslənəcək”.
Erməni silahlı qüvvələrinin tapdağı altında 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğal nəticəsində ermənilər Azərbaycana aid 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə, 22 muzey və digər mədəniyyət ocaqlarını məhv ediblər.
İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin özünün və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunmasını iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Ermənilərin vandalizmi eyni zamanda UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının da pozulmasıdır.

 


Create Account



Log In Your Account