Dec 19 2018 20:37
Views: 436

2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək təklif olunub. Bunu Dünya Bankının təşkil etdiyi "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib. Onun sözlərinə görə, bu təkliflər bir sıra əsas sahələrə qoyulan investisiyalar üzrə vergi güzəştləri ilə bağlıdır. Bütün bu güzəştlər ölkədə insan kapitalının inkişafına yönəlib. 
Növbəti il üçün elm, təhsil, idman, mədəniyyət və bu kimi sahələrə yönəldilən vəsaitlərə görə mənfəət vergisi üzrə 10 il müddətinə vergi güzəştlərinin edilməsi təklif edilib. Eyni zamanda, təhsil müəssisələri və sağlamlıq imkanları məhdud insanların təhsil alması üçün nəzərdə tutulan müəssisələrin də mənfəət vergisindən azad edilməsi təklif olunub".
Azərbaycanda əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə avtomatlaşdırılmış vakansiya bazası yaradılacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Bundan başqa əmək bazarının təhlili üçün milli observatoriya yaradılması nəzərdə tutulur. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Azərbaycan bu sahədə düzgün inkişaf yolundadır.  
“Azərbaycanda təhsil sahəsinə böyük diqqət ayrılır. Ölkə yüksək templə inkişaf edir, iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi işlər gedir, bununla əlaqədar məşğulluq sahəsində yeni çağırışlar yaranır. Avropa İttifaqı iqtisadi və sosial istiqamətlərdə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Azərbaycanda həyata keçirilən layihələr içərisində Avropa İttifaqı daha çox təhsilə diqqət ayırır”. 
Öz növbəsində BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycanda əsas prioritetlərdən biri beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsini mənimsəməkdir. Bu istiqamətdə BP Azərbaycan şirkəti ilə birgə uğurlu əməkdaşlıq edir.
Üç gün davam edəcək İnsan kapitalı üzrə forumda dövlət və özəl sektorun təmsilçiləri iştirak edib. Forumun əsas mövzusu əmək bazarında vəziyyət,  insan kapitalının inkişafı və məşğulluğun təmin edilməsi üçün görüləcək tədbirlərdir.


Create Account



Log In Your Account