Dec 28 2018 17:06
Views: 1552

Dekabrın əvvəllərində OPEC+ neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı qərar qəbul etsə də,  bu qərar qlobal neft bazarında qiymətlərin stabilləşməsinə səbəb olmadı. Əksinə, son iki ayda neftin dünya bazar qiymətlərində ciddi azalmalar müşahidə olunur. Hazırda brent markalı neftin 1 barelinin qiyməti 53 dollara qədər azalıb. Ekspertlər bunun ABŞ-da neft hasilatının artması ilə əlaqəli olduğunu deyirlər.
Son qiymət azalmalarının əsas səbəblərindən biri də Beynəlxalq Valyuta Fondu daxil olmaqla, aparıcı maliyyə qurumlarının 2019-cu ildə qlobal iqtisadi artımın azalması ilə bağlı proqnozlarıdır. Bu səbəbdən investorların bir qismi neft bazarındakı vəsaitlərini valyuta bazarına yönəldirlər ki, bu da neftin qiymətinin aşağı düşməsinə səbəb olur. Ekspert Vüqar Bayramovun fikrincə, neftin ucuzlaşmasına siyasi amillər də təsirsiz ötüşməyib. 
V.Bayramov hesab edir ki, ümumilikdə 2019-cu il neft bazarı üçün asan olmayacaq. Qlobal iqtisadi artımda proqnozlaşdırılan azalmalar neftə olan tələbin azalmasına gətirib çıxaracaq. Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, gələn il neftin qiymətində ciddi azalmalar müşahidə olunsa da, ümumi tendensiya 55-65 dollar intervalında dəyişəcək.
Qeyd edək ki, 2014-cü ilin noyabrından bu yana "Brent" neftinin ən yüksək qiyməti bir barel üçün 86,7 dollar olub. Son hərraclarda "Brent" markalı xammalın qiyməti bir barel üçün 2 faizdən çox artaraq 54 dollara yaxınlaşıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,04 dollar təşkil edib.


Create Account



Log In Your Account